“SOCAR Downstream Management” MMC (SDM) və “Infrascan Innovations” arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum SDM-in idarə etdiyi sənaye aktivlərində və digər kritik infrastruktur obyektlərində innovativ inspeksiya həllərinin araşdırılması, nümayişi və potensial pilot tətbiqi üçün əməkdaşlıq çərçivəsi yaradır.
Əməkdaşlıq çərçivəsində “Infrascan” şirkətinin dron və “crawler” əsaslı robotik inspeksiya texnologiyalarının texniki imkanlarının qiymətləndirilməsi, inspeksiya metodologiyaları üzrə müzakirələrin aparılması, seçilmiş obyektlərdə mümkün pilot sınaqların həyata keçirilməsi və gələcək kommersiya əməkdaşlığı imkanlarının araşdırılması nəzərdə tutulur.
Bu əməkdaşlıq əməliyyat təhlükəsizliyinin gücləndirilməsi, sənaye aktivlərinin daha səmərəli idarə olunması və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. İmzalanmış memorandum tərəflər arasında bilik və texnologiya mübadiləsinə və gələcəkdə daha genişmiqyaslı əməkdaşlıq üçün əsas platformanın formalaşdırılmasına xidmət edəcək.