0%

Tez-tez soruşulan suallar


Niyə SOCAR Downstream Management MMC?

SOCAR Downstream Management güclü sənaye təcrübəsi, davamlılığa əsaslanan inkişaf və etibarlı xidmət təcrübəsi də daxil olmaqla bir sıra üstünlüklərə sahibdir.

SOCAR Downstream ailəsinə necə qoşula bilərəm?

SOCAR Downstream ailəsinə qoşulmaq üçün www.socardownstream.az portalında qeydiyyatdan keçib ixtisas və iş təcrübənizə uyğun vakansiyaya müraciət edə bilərsiniz.

Eyni anda neçə vakansiyaya müraciət edə bilərəm?

Namizəd eyni anda yalnız 1 vakansiya üzrə müraciət edə bilər.

Portala qeydiyyat zamanı hansı məlumatlara ehtiyac var?

Qeydiyyat zamanı namizəd özünün müvafiq şəxsi məlumatlarını daxil etməlidir.

Təhsilim davam edirsə, vakansiyaya müraciət edə bilərəm?

Bakalavr təhsilinizi tamamlamamısınızsa, sadəcə təcrübə proqramlarına müraciət edə bilərsiniz.

Tələbəyəm, SOCAR Downstream -də təcrübə keçmək üçün nə etməliyəm?

SOCAR Downstream-də dövri olaraq ödənişli və ödənişsiz istehsalat təcrübələri təşkil edilir və bu barədə müvafiq elanlar portalda yerləşdirilir.

Portalda qeydiyyatdan keçmədən vakansiyaya müraciət edə bilərəm?

Xeyr, istənilən vakansiyaya müraciət etmək üçün portalda qeydiyyatdan keçmək mütləqdir.

Seçim prosesi hansı mərhələlərdən ibarətdir?

Vakansiyadan asılı olaraq bir neçə mərhələdən ibarətdir. Bunlar müraciətlərin ilkin yoxlanması, test və/və ya peşə sınaq imtahanı, müsahibə mərhələləridir.

Müsahibə nəticəsi müsbət olmazsa, eyni vakansiyaya bir daha müraciət edə bilərəm?

Müsahibə nəticəsi müsbət olmazsa, eyni vakansiya üzrə ən tez 3 ay sonra müraciət qəbul olunur.

Müsahibə hansı formatda keçirilir?

İki növ müsahibə təşkil olunur, SOCAR Downstream -in aidiyyatı inzibati binasında üzbəüz şəkildə və ya Microsoft Teams platforması üzərindən onlayn şəkildə təşkil olunur.

Müsabiqə nəticələri ilə razı deyiləm. Nəticəmə yenidən baxılması üçün necə müraciət edə bilərəm?

Müsabiqənin hər hansı mərhələsi barədə sualınız/narazılığınız yaranarsa, müsabiqənin başa çatdığı tarixdən etibarən 1 (bir) ay müddətində SOCAR Downstream -in İnsan Resursları rəhbərliyinin adına ərizə yazmaqla müraciət edə bilərsiniz. SOCAR Downstream -də mövcud işə qəbul qaydalarına əsasən müsabiqə nəticələriniz araşdırılacaq və bu barədə sizə rəsmi məlumat veriləcək.

İmtahana dəvət olunmuşdum. Lakin müəyyən səbəblərdən iştirak edə bilmədim. Başqa vaxtda yenidən imtahan vermək mümkündür?

Təşkilati baxımdan test imtahanının, peşə sınaq imtahanının və ya müsahibənin başqa vaxta keçirilməsi mümkün deyil. Həmçinin, imtahanda iştirak etmədiyiniz təqdirdə həmin vakansiya üzrə namizədliyiniz ləğv olunur. Yenidən başqa vakansiya üzrə müsabiqədə eyni prosedur qaydalarla iştirak edə bilərsiniz.

Xarici vətəndaşlar SOCAR Downstream -də işə qəbul üçün müraciət edə bilərmi?

Əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyəti Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun tənzimlənir. Həmin Məcəlləyə əsasən iş yerinin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi və məşğulluq xidməti orqanları tərəfindən işçi qüvvəsinə olan ehtiyaclar yerli əmək ehtiyatları hesabına təmin edilmədiyi hallarda əcnəbilərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları mümkündür.

İşə qəbulla bağlı Test / Peşə Sınaq İmtahanı / Müsahibələrin keçirilmə ünvanı, tarixi və vaxtı haqqında məlumatı hardan əldə edə bilərəm?

İşə qəbul müsabiqəsinin mərhələləri (Test, Peşə sınaq imtahanı, Müsahibə) haqqında məlumat namizədin e-poçt ünvanına və mobil telefonuna (sms) müvafiq bildirişlər şəklində imtahan vaxtından ən gec 3 (üç) gün əvvəl göndərilir.

Müraciət etdiyim vakansiya üzrə test imtahanından keçmişəm. Növbəti mərhələyə nə vaxt çağrılacağam?

İşə qəbul müsabiqəsinin növbəti mərhələsinə müvafiq vakansiya üzrə test imtahanı nəticələrinin məlum olması tarixindən sonrakı 15 (on beş) iş günü ərzində təşkil edilir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, istehsalat zərurəti ilə əlaqədar olaraq göstərilən müddət uzadıla bilər.

Müraciətimin təsdiq edildiyini necə öyrənə bilərəm?

Vakansiya üzrə müraciətinizi etdikdən sonra müraciətin qəbul edildiyini təsdiqləyən e-poçt məktubu almış olacaqsınız.

Müraciətimin ilkin yoxlanış mərhələsindən keçib keçmədiyini necə öyrənə bilərəm?

Müraciətlər vakansiyanın iş təsvirində qeyd olunan tələblərinə cavab verdiyi halda müsbət dəyərləndirilir və müraciəti müsbət dəyərləndirilmiş namizədlər müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanırlar.