SOCAR-ın ən mühüm fəaliyyət istiqamətlərindən birini neft-kimya məhsullarının istehsalı və satışı təşkil edir. Şirkətin mühüm struktur vahidlərindən olan “Azərikimya” İstehsalat Birliyinin (İB) Etilen-Polietilen Zavodu ölkəmizin neft-kimya sənayesində böyük paya sahibdir.
Ölkəmizdə kimya sənayesinin tarixi ilk kimya müəssisəsi – “Ozer” adlanan, sonralar Sumqayıt Səthi Aktiv Maddələr Zavodu kimi tanınan müəssisənin birinci dəfə məhsul verdiyi tarixdən, 1945-ci ildən başlayır. O dövrün ən böyük neft-kimya müəssisəsi sayılan Sumqayıt Sintetik Kauçuk Zavodunun əsası isə 1950-ci ildə qoyulub. 1980-83-cü illərdə Cənubi Qafqazda ilk dəfə olaraq dənəvər superfosfat gübrələri istehsal edən yüksək məhsuldarlığa malik yeni texnoloji kompleks - Superfosfat Zavodu tikilib istifadəyə verilib.
Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində “EP-300” qurğusunun inşasına başlanılıb və bu unikal qurğu 1989-cu ildə istismara verilib. Yeni texnoloji kompleksin işə salınması ilə etilen, propilen, butilen-butadien fraksiyası, yüngül və ağır piroliz qətranı, propan kimi qiymətli kimyəvi məhsulların istehsalına başlanılıb. Bu kompleksin əsas xammalı Bakı Neft Emalı Zavodunun (indiki Heydər Əliyev adına NEZ) karbohidrogen məhsulları idi. “EP-300” kompleksinin texnoloji davamı olaraq yüksək təzyiqli polietilen istehsalı üçün nəzərdə tutulan “Polimir-120” qurğusunun da inşası məhz Heydər Əliyevin dəstəyi ilə mümkün olub. Avadanlığı Almaniya və Çexoslovakiyadan gətirilən, illik istehsal gücü 120 min ton polietilen olan həmin qurğunun işə salınması respublikamızda polimer məhsullarının – polimer boru və örtüklərin, müxtəlif məişət mallarının istehsalına da güclü təkan verib. 1994-cü ildə isə “EP-300” və “Polimir-120” qurğularının əsasında Etilen-Polietilen Zavodu yaradılıb. Zavod hazırda illik 100-120 min ton etilen, 90-100 min ton propilen istehsal etmək gücünə malikdir.
Zavodun tərkibində müasir texnologiyalı “EP-300” istehsalatı, “Polimir-120” istehsalatları və BEEİ (buxar və elektrik enerjisi istehsalatı) ilə yanaşı, 2013-cü ildən yeni Azot-oksigen və Su Soyutma qurğuları istifadəyə verilib. “EP-300“ qurğusunda xammal kimi H.Əliyev adına NEZ-dən qəbul edilən ilkin emal benzini ilə yanaşı, texniki butan (LPG), quru qaz fraksiyası (C1-C2) və texniki propan (PPF) fraksiyası da alınır ki, onların emalı nəticəsində əsas məhsullardan əlavə digər aralıq məhsullar da istehsal edilir. Əlavə məhsullar isə BBF (butilen-butadien fraksiyası), maye piroliz qətranı, ağır qətran, hidrogen, metan-hidrogen, etan, propan fraksiyalarıdır. Zavodun tərkibində həm də texniki və mütləqləşdirilmiş izopropil spirti sahələri fəaliyyət göstərir. 1966-cı ildə istismara verilən bu qurğunun layihə gücü illik 25 000 tondur. Ümumiyyətlə, zavodda istehsal olunan məhsullar həm daxili tələbata, həm "SOCAR Polymer" MMC və "Azneft" İB-ə, həm də satışa verilir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramına” əsasən 2016-cı ildən etibarən “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun “EP-300” qurğusunda modernizasiya işlərinə start verilib. Modernizasiya və rekonstruksiya işləri nəticəsində illik istehsal həcmləri etilen üçün 190 min tona, propilen üçün isə 187 min tona çatdırılıb.