Ölkəmizin neft-kimya sənayesinin inkişafı məqsədilə 2013-cü ildə təsis edilən “SOCAR Polymer” şirkətinin iki əsas istehsal obyektndən biri olan Yüksək Sıxlıqlı Polietilen (YSPE) zavodunun təməli 2015-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. 2019-cu ilin 18 fevral tarixində keçirilən təntənəli açılış mərasimində də dövlət başçımız iştirak edib.
İllik istehsal gücü 120 min ton olan YSPE beynəlxalq standartlar səviyyəsində inşa olunub. Zavodun tikintisində polimer istehsalı sahəsində tanınmış “INEOS” şirkətinin texnologiyalarından istifadə edilib. İşlər “EPC” (Mühəndislik, Təchizat və İşəsalma) müqaviləsi çərçivəsində podratçı şirkət “Maire Tecnimont” (İtaliya) tərəfindən həyata keçirilib. Nəzarət məqsədilə “PMC” (Layihənin idarə edilməsi üzrə məsləhətçi şirkət) podratçısı qismində Niderlandın “Fluor B.V.” şirkəti cəlb edilib. Ekoloji və sosial təsirləri minimuma endirmək üçün beynəlxalq “Ekvator” prinsiplərinə riayət olunub və bu sahədə məşhur Kanada şirkəti “Golder Associates” ilə əməkdaşlıq edilib.
Zavodun inşaat müddəti ərzində təxminən, 22100 m³ dəmir-beton işləri görülüb, təqribən, 3400 ton metal konstruksiya quraşdırılıb, 688 paya vurulub, sutkalıq 106612 düym həcmində boru işləri görülüb, təxminən, 24100 m³ həcmində beton tökülüb.
Zavodun ümumi təsərrüfat və mühəndis qurğuları sahəsində soyuducu qüllə, azot istehsalı qurğusu, kondensasiya qurğusu, ölçü cihazları və texniki hava sistemi, ümumi elektrik alt-stansiyası, heksen və izobutan saxlanma çənləri, məşəl qurğusu, kimyəvi qatqılar anbarı, ümumi İdarəetmə Otağı (dispetçer məntəqəsi), laboratoriya, torbalama və qablaşdırma qurğuları, eləcə də hazır məhsul anbarı mövcuddur.
Zavodda müxtəlif çeşidli YSPE istehsal olunur. Böyük hissəsi ixrac üçün nəzərdə tutulan bu məhsullara yerli bazarda da kifayət qədər tələbat var. YSPE müxtəlif növ plyonka, su və qaz nəqli üçün nəzərdə tutulan PE100 sinfinə aid təzyiqli borular, istehlak malları (qab-qacaq, vedrələr, zənbillər və s., meyvə-tərəvəz üçün plastik qutular və zibil konteynerləri, butulka, kanistra, çəllək) və kimyəvi maddələr üçün konteynerlərin, eləcə də metal borular üçün örtüklərin hazırlanmasında istifadə edilir.