0%

Metanol Zavodu


Metanol (metil spirti) təmiz, rəngsiz, tez buxarlanan, CH3OH düsturlu tezalışan, su ilə istənilən nisbətdə qarışan, etil spirtinin qoxusuna bənzər bir qoxu olan mayedir. Kimya sənayesinin bir çox sahələrində ən çox tələb olunan xammal hesab olunur. Metanol neft və qazın hasilatı, hazırlanması, nəqli zamanı, quyularda, boru kəmərlərində və yeraltı qaz anbarlarında, o cümlədən sirkə turşusu, plastik materiallar, sintetik liflər, məişət boyaları, yapışdırıcılar və sairə kimi məhsulların istehsalında kristal hidratların meydana gəlməsinin qarşısını almaq üçün istifadə olunur (inhibitor kimi). Bundan əlavə, metanol benzinə yüksək oktanlı əlavə, həmçinin daxili yanma mühərrikləri üçün yanacaq kimi istifadə edilə bilər.

Bakının Qaradağ rayonunda yerləşən Metanol Zavodu 2013-cü ildə istifadəyə verilib və ölkədə qaz-kimya sektorunda fəaliyyət göstərən ilk istehsal müəssisəsi olub. Zavodun tikintisi zamanı Britaniyanın ICI şirkətinin aşağı təzyiqli metanol istehsalı texnologiyasından istifadə olunub. 2016-cı ilin noyabr ayında zavod SOCAR-ın törəmə şirkəti olan “SOCAR Methanol” MMC-nin mülkiyyətinə keçib, 2018-ci ilin oktyabr ayından isə SOCAR-ın strukturuna daxil edilib.

Zavodun illik istehsal gücü 561 min ton, ümumi sahəsi 36,5 hektardır. Zavodun istehsal prosesinə xammal-qaz qarışığının hazırlanması, yüksək təzyiqli buxar istehsalı, buxardan istifadə etməklə xammalın riforminqi, riforminq qazı əsasında metanolun sintezi və xam metanolun zənginləşdirilməsi daxildir.

Zavodda 99,9% saflıqda “A” markalı texniki metanol istehsal olunur və bu beynəlxalq standartlara uyğun olaraq saf metanol sayılır. Məhsul Avropa bazarlarında məhsulun daimi və sabit satış dinamikasını təmin edən beynəlxalq “REACH” sertifikatına malikdir.

Metanolun keyfiyyəti “AZS ISO/IES-170252020” standartının tələblərinə uyğun olaraq akkreditə olunmuş zavodun mərkəzi laboratoriyası və beynəlxalq keyfiyyətə nəzarət şirkəti tərəfindən müntəzəm olaraq yoxlanılır. Metanol zavodu ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018 və ISO 50001:2018 beynəlxalq standartlara uyğun sertifikatlaşdırılıb.

İstehsal olunan metanol SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən satılır. Ümumi satışın 97%-dən çoxu ixrac edilir və 2023-cü ildə bu rəqəm 97% təşkil edib.

İstehsal olunan məhsulların xarici bazarlara səmərəli daşınmasında zavodun yerləşməsi mühüm rol oynayır. İxrac olunan məhsul “Azərbaycan Dəmir Yolları” QSC-nin Qaradağ stansiyasından Gürcüstan Dəmir Yolu Administrasiyasının Parto-Tskali stansiyasına, oradan isə Gürcüstanda yerləşən Kulevi dəniz limanına göndərilir. Məhsulun daşınması zavoda məxsus 252 vaqon-sistern vasitəsilə həyata keçirilir. Öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün zavodun ərazisində hazır məhsulun saxlanılması üçün ümumi tutumu 48 min ton olan 2 əmtəə çəni mövcuddur.

Daxili bazarda satılan zaman məhsul vaqonlarla Qaradağ stansiyasından Səngəçal stansiyasına, oradan isə Azneft-ə göndərilir. O, həmçinin, müştərilərin təqdim etdiyi xüsusi avtosisternlərdə də daşınır.

Zavod istehsalın ekoloji cəhətdən təmizliyinə və ətraf mühitə zərərli təsirin azaldılmasına daim nəzarət edir.

Metanol zavodunda biznes prosesinin təhlükəsiz idarə olunması, aktivlərin bütövlüyü, ətraf mühitin mühafizəsi, bütün işlərin və əməliyyatların təhlükəsiz və keyfiyyətli icrası ən mühüm vəzifələrdəndir.