0%

Heydər Əliyev adına Neft Emalı Zavodunun Laboratoriyası TÜRKAK Akkreditasiya auditini uğurla tamamladı


23/09/2025

Heydər Əliyev adına NEZ Laboratoriyası beynəlxalq tanınmaya malik TÜRKAK akkreditasiya auditindən müvəffəqiyyətlə keçmişdir. Audit nəticəsində laboratoriyanın keyfiyyət idarəetmə sistemi, qərəzsizlik prinsipləri, texniki səriştəsi, avadanlıqların idarə olunması və Laboratoriya Məlumatlarının İdarəetmə Sistemi (LIMS) tətbiqinin dünya standartlarına tam uyğunluğu təsdiq edilmişdir. 48 test üzrə aparılan audit yalnız akkreditasiya sahəsinə aid bir kiçik uyğunsuzluq hesabatı ilə yekunlaşmışdır ki, bu da gənc komanda üçün böyük nailiyyət hesab olunur və layihə tələblərinə tam əməl olunduğunu göstərir.

İlin sonunadək rəsmi akkreditasiya sertifikatının əldə olunması ilə NEZ Laboratoriyası artıq daxili imkanlarla ötən ilin Avro-5 dizel (EN 590) hesabatlarına əlavə olaraq, Avro-5 benzin (EN 228) və çirkab suların idarə olunmasına dair hesabatları da TÜRKAK və MRA loqosu ilə Nazirliyə təqdim etməyə başlayacaq.

Bu əsas məhsullar üzrə TÜRKAK akkreditasiyası SOCAR-a beynəlxalq bazarlara çıxış, sərhədlərarası tanınma və xüsusilə Şərqi Asiya regionu üzrə gömrük məsələlərində üstün mövqe qazandıracaq. Eyni zamanda, satış, marketinq, idxal və ixrac sahələrində yarana biləcək mübahisəli hallarda SOCAR-ın mövqeyini möhkəmləndirəcək. SOCAR Downstream Laboratoriya komandası ilin sonunadək Karbamid Zavodu üzrə akkreditasiyanı tamamlamaqla yanaşı, 2026-cı ildə Heydər Əliyev adına NEZ üçün xam neft, Jet A1 və bitum məhsulları üzrə beynəlxalq akkreditasiya əldə etmək istiqamətində işlərini genişləndirməyi planlaşdırır.