0%

“Baker Hughes” şirkətinin emissiyaların azaldılması üzrə innovativ həlli SOCAR-ın Bakı Neft Emalı Zavodunda məşəldə müntəzəm yandırma həcmlərinin azaldılması üçün seçilib


14/11/2024
  • “Baker Hughes” şirkəti qazın rekuperasiyası və hidrogen sulfidin (H2S) təmizlənməsi üçün inteqrasiya olunmuş sistem təmin edəcək
  • Sözügedən həll sayəsində ildə təqribən 7 milyon Nm3 metan həcmində məşəl qazı ekvivalentinin rekuperasiya olunacağı və CO2 emissiyalarının ildə 11000 tona qədər daha da azaldılacağı gözlənilir
  • Rekuperasiya olunan məşəl qazı NEZ-də yanacaq kimi istifadə olunacaq, səmərəliliyi artıracaq, istehlakı və istismar xərclərini azaldacaq
  • Müqavilə Azərbaycan Respublikasının Bakı şəhərində keçirilən COP29 tədbiri çərçivəsində imzalanıb

BAKI, Azərbaycan, 14 noyabr 2024-cü il (GLOBE NEWSWIRE) -- Enerji texnologiyaları şirkəti olan Baker Hughes (NASDAQ: BKR) və SOCAR cümə axşamı günü qazın rekuperasiyası və hidrogen sulfidin (H2S) təmizlənməsi üçün inteqrasiya olunmuş sistemə dair müqavilənin imzalandığını elan ediblər. Həmin sistem

Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda məşəldə yandırma həcmlərini əhəmiyyətli dərəcədə azaldacaq. Müqavilə Bakıda keçirilən COP29 konfransında “Baker Hughes” şirkətinin idarə heyətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli və SOCAR prezidenti Rövşən Nəcəfin iştirakı ilə imzalanıb.

Azərbaycanın Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulması və COP28 sədrliyinin Neft və Qazın Dekarbonizasiyası Xartiyası(OGDC) ilə rəsmiləşdirilmiş öhdəliklərə əsaslanaraq, layihə “Baker Hughes” şirkətinin emissiyaların azaldılması üzrə mövcud və özünü praktikada doğrultmuş innovativ texnologiyalarını tətbiq etməklə 2030-cu ilə qədər SOCAR zavodunda qazın məşəldə müntəzəm yandırılmasına son qoyulması istiqamətində atılan əhəmiyyətli bir addımdır. Sözügedən layihə sayəsində ildə təqribən 7 milyon Nm3 metan həcmində məşəl qazı ekvivalentinin rekuperasiya olunacağı və CO2 emissiyalarının ildə 11000 tona qədər daha da azaldılacağı gözlənilir.

“Baker Hughes” şirkəti iki ən güclü istixana qazı olan metan və kükürd emissiyalarını azaltmaq və təhlükəli H2S məhsulunu ərazidən kənarlaşdırmaq məqsədilə qazın rekuperasiyası və H2S təmizlənməsi üçün nəzərdə tutulan innovativ sistemini neft emalı zavodunun mövcud infrastrukturuna inteqrasiya edəcək. Sistem həmçinin SOCAR-a əvvəllər məşəldə yandırılan və bu sistem sayəsində rekuperasiya olunan qazdan neft emalı zavodu üçün yanacaq kimi istifadə etməyə imkan verəcək.

Bu, neft emalı zavodunda ümumi yanacaq qazı istehlakını və istismar xərclərini azaldacaq, dəyərin və səmərəliliyin artırılması üçün yeni imkanlar yaradacaq.

“Biz 2050-ci ilə qədər xalis sıfır emissiya məqsədinə nail olmaq üçün bu onillik ərzində emissiyaları 45% azaltmalıyıq. Sənaye indi hərəkətə keçməlidir və biz bunu bu gün tətbiq oluna bilən mövcud texnoloji həllər ilə edə bilərik”, “Baker Hughes” şirkətinin idarə heyətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli deyib. “Bu müqavilənin imzalanması şirkətlərimizin emissiyaları azaltmaq üçün birgə öhdəliyinin sübutudur və “Baker Hughes” şirkətinin öz müştərilərinə onların əməliyyatlarının dayanıqlığı və səmərəliliyini artırmağa kömək etmək istiqamətində fəaliyyətinin daha bir mühüm mərhələsini əks etdirir.”

““Baker Hughes” şirkəti ilə əməkdaşlığımız SOCAR-ın obyektlərimizdə əməliyyatların dayanıqlığını təşviq etmək və emissiyaları azaltmaq öhdəliyinə sadiq olduğumuzu göstərir”, SOCAR prezidenti Rövşən Nəcəf bildirib. “Bu layihəyə başlamaqla biz emissiyaların azaldılmasına əhəmiyyətli töhfə verir və ətraf mühitin mühafizəsi üçün məsuliyyət meyarı müəyyən edirik. Bu təşəbbüs iqlim dəyişikliyi ilə əlaqədar məqsədlərə sadiqliyimizi dəstəkləməklə yanaşı, daha təmiz, daha səmərəli enerji gələcəyinə dair məramımızla üst-üstə düşür”.

Layihənin cəmi doqquz ay ərzində konsepsiyadan müqaviləyə sürətli keçidi iki şirkətin aktiv fəaliyyətə sadiqliyini nümayiş etdirir və sıx əməkdaşlıq və erkən qarşılıqlı əlaqə sayəsində əldə edilən dəyəri vurğulayır. Layihənin icrası dərhal başlayacaq, 24 ay ərzində isə tam istismara verilməsi planlaşdırılır.

Qazın rekuperasiyası və H2S təmizlənməsi üçün inteqrasiya olunmuş bu sistem “Baker Hughes” şirkətinin müştərilərin əməliyyatları boyu məhsuldarlığı, səmərəliliyi və dəyəri artıra bilən emissiyaların azaldılması həllərindən ibarət geniş portfelinin tərkib hissəsidir.

Baker Hughes haqqında

“Baker Hughes” (NASDAQ: BKR) dünyanın müxtəlif ölkələrində enerji və sənaye sahələrində fəaliyyət göstərən müştərilərə həllər təqdim edən enerji texnologiyası şirkətidir. Bir əsrlik təcrübəyə və 120-dən çox ölkədə biznesin aparılmasına əsaslanan innovativ texnologiyalarımız və xidmətlərimiz enerjini növbəti səviyyəyə qaldıraraq onu insanlar və planet üçün daha təhlükəsiz, təmiz və səmərəli edir . bakerhughes.com səhifəmizlə tanış olun.

SOCAR haqqında

Baş ofisi Azərbaycanda yerləşən SOCAR enerji resurslarının hasilatı, emalı və paylanması üzrə ixtisaslaşmış qlobal enerji şirkətidir. Cənubi Qafqaz regionunda ən böyük inteqrasiya olunmuş enerji müəssisəsi kimi əhəmiyyətli qlobal iştiraka malikdir. Bu da müxtəlif beynəlxalq bazarlarda onun əhəmiyyətli olduğunu vurğulayır.

Əlavə məlumat üçün aşağıda qeyd olunan şəxslərlə əlaqə saxlamağınız xahiş olunur:

SOCAR-ın media ilə əlaqələr şöbəsi

Ləman HACIZADƏ

+994 508417674 laman.hajizada@socardownstream.az

“Baker Hughes” şirkətinin media ilə əlaqələr şöbəsi Çiara Toniato

+39 3463823419 chiara.toniato@bakerhughes.com

“Baker Hughes” şirkətinin investorlar ilə əlaqələr şöbəsi Çeys Mulvehill

+1 346-297-2564 investor.relations@bakerhughes.com

Bu elanı aid fotoşəkil https://www.globenewswire.com/NewsRoom/AttachmentNg/5da93f30-dd6f-4ae6-91c5- db3a57f72463 səhifəsində yerləşdirilib.