SOCAR Downstream idarəçiliyində fəaliyyət göstərən Neft Emalı Zavodunun (NEZ) laboratoriyası, AZS ISO/IEC 17025:2020 standartı əsasında, EN 590 / AZS 934 sınaq parametrlərinə uyğun olaraq Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) tərəfindən həyata keçirilən akkreditasiya auditini uğurla tamamlamış və 17 iyun 2025-ci il tarixində Yerli Akkreditasiya Attestatı ilə təltif olunmuşdur.
Bu nailiyyət SOCAR Downstream-in milli akkreditasiya sisteminə tam uyğun şəkildə fəaliyyət göstərməsi və məhsul keyfiyyətinin yüksəldilməsi istiqamətində atdığı ardıcıl və strateji addımların daha bir təsdiqidir. Keyfiyyət və etibarlılığa verdiyimiz əhəmiyyət nəticəsində bu kimi göstəricilər tərəfdaşlarımıza və maraqlı tərəflərə etimad verir.
Bununla yanaşı, NEZ Laboratoriyası 2024-cü ilin iyul ayından etibarən TÜRKAK (Türkiyə Akkreditasiya Qurumu) tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunaraq, təqdim etdiyi sınaq nəticələrinin qlobal miqyasda tanınmasını təmin etmişdir.
Həm yerli, həm də beynəlxalq standartlara uyğunluq laboratoriyanın yüksək texniki səriştəliliyini, tərəfsiz fəaliyyətini və keyfiyyət təminatı sistemini ön plana çıxarır.
SOCAR Downstream olaraq, bu uğurun arxasında dayanan bütün əməkdaşlarımıza təşəkkürümüzü bildirir, yüksək beynəlxalq standartlara uyğun fəaliyyətimizi davam etdirməkdə qərarlı olduğumuzu bir daha bəyan edirik.